Salam,həqiqəti sevən,riyadan uzaq oxucular.Bu dəfəki cızma-qara həm də sensasiyapərəst insanların diqqətini cəlb edə bilər,çünki sensasion,bəlkə də möcüzəvi bir hadisəni qələmə alıb,möhtərəm hüzurunuza təqdim edirəm.
Bir gün mühazirədə oturmuşduq.Həmişəki kimi kimsə dərsə qulaq verir,kimsə lağlağı döyür,kimsə təzəcə şirin yuxuya keçirdi.Lektor isə 15-20 il bundan əvvəl oxuduğu mühazirə materialını,mətnini elə 15-20 il bundan qabaqkı tərzdə,həmin mimika,həmin jestlərlə bizə tədris edirdi.Amma,insafən deyək ki,hərdən acı,təhqiramiz sözlərindən,zəhrimari sifətindən,səviyyəsiz,küçə səviyyəli istehzasından,özünə şirin,tələbələrə isə şit,tükürpədici görünən zarafatlarından qalmırdı.Əslində,mühazirə müəllimləri arasında bu,dəb idi:onlar elə düşünürdülər ki,kimisə təhqir etməsələr tələbələr onun ciddi,səviyyəli,hörmətli müəllim olması barədə şübhəyə düşərlər,odur ki,bu “qızıl qayda”ya çox təkidlə əməl edirdilər.
Nəsə...Mühazirənin şirin yerində kafedra müdiri,cənab Doğrudanışan müəllim içəri daxil oldu.O biri hörmətli(?) kafedra müdirləri,professorlar kimi Doğrudanışan müəllim də uşaqların hamısının ayağa qalxmasını gözlədi,onları turşumuş sifətlə süzüb,salam vermədən tələbələrdən əyləşməyi tələb etdi.Qeyd edim ki,Doğrudanışan müəllimin bu iyrənc jesti də kafedra müdirləri ,ümumiyyətlə, ”böyüklər” arasında bir “qızıl qayda” idi,bu “qaydasız” onları təsəvvür etmək mümkün deyil.
Cənab Doğrudanışan müəllim ağır-ağır öz nitqinə başladı:
-Uşaqlar,siz bu il bu fənndən imtahan verəcəksiz.Bu fənn sizin həkim olmağınız üçün çox vacibdir... Ağlınız başqa kafedralara getməsin.Bu kafedra öz qanunlarına görə fərqlənir. (Bədbəxt ATU-da vahid qayda-qanun yoxdu,hər kafedra özündən qanun çıxarır.Bu qanunun özbaşınalığı,sərtliyi həmin kafedranın müdirinin hansı yuxarı instansiyada qohumunun olmasından asılıdır,yəni qohum nə qədər yuxarıda olsa,özbaşınalıq da bir o qədər artıq olur.) Mən başqa kafedra müdirləri kimi sizə yalan deyib başınızın altına yastıq qoymaq istəmirəm.Bizim kafedrada bütün alternativ qiymət alma variantları,yəni rüşvət,tapşırıq və başqa üsullar hamısı keçərlidi.Tapşıran,xahiş edən,əmr edən adamın tutduğu vəzifədən asılı olaraq tapşırılan adamın qiyməti yuxarı və ya aşağı ola bilər.Gəldik əsas məsələyə,yəni pul məsələsinə. Bu da elədi ki,istəyirsən, heç bir dərsə girmə,kollokvium vermə,dərsdə müəllimi söy,bu fəndən başın çıxmasın və s. Bunların heç bir qorxusu yoxdu,intəhası,ata-ananı bir az o birilərdən çox incitmiş,sıxmış olassan. Yəni,özünü yaxşi aparan,müəllimin qılığına girib,şirin dilinə salan,özünü yazıqlığa vuran,bir qədər yaxşı oxuyan və s. keyfiyyətlərə malik olan adam nisbətən az,bayaq dediyim şəxslər isə çox pul verməlidirlər ki,qiymət alsınlar. Özü də yalan söhbətdi ki,heç bilməyən,əxlaqsızlıq edən,yaramaz,pozğun tələbə qiymət almayacaq.Necə deyərlər,puluna minnət,pulunu ver,müəllimin üzünə qarşı söy,”5”ni də al. Qaldı ki,özü oxuyanlara, onlar da qiymət alacaqlar,intəhası,şirələri çıxanacan onları sıxacağıq. Bura bax görüm,ATU-da oxumaq asandı?!
Uşaqlar,açığı,bir söz deyim. Biz şərəfsiz adamlarıq,birdən görürsən ki,heç nə bilməyən adam nəslimizi söyüb pulu çırpır üzümüzə.qiymətin alır,kasıb balası,öz hesabına oxuyan uşaq kəsilir,ya aşağı qiymət alır.Əşşi,bu zəhrimar pul elə şeydir ki,namusumuz,şərəfimiz gedib ona görə.Bax,deyirəm a,sonra imtahanda hansısa tələbə gəlib deməsin ki,ay ədalətsizlik burdan gəldi,şərəfsizlik ordan getdi. “Yuxarı”lara şikayət etmək ağlınızın ucundan belə keçməsin,faydası yoxdu.Bilin ki,verdiyiniz pulların əksər hissəsi ora gedir,odur ki,onlar bizim tərəfimizi saxlayacaqlar,sizin yox.Əziz tələbələr,mən hər tərəfini sizə izah etdim,de,sağ olun.
Cənab Doğrudanışan müəllim tələbələrin vaxtını aldığına görə üzr istəmədən mühazirə zalından çıxdı.Professor qapıya tərəf gedəndə mühazirə müəllimi Yaltaq müəllim əli ilə bizim ayağa qalxmağımıza işarə edərək dəridən-qabıqdan çıxırdı.
Qapı örtülən kimi içəridə bir çaxnaşma ,bir vurnuxma düşdü ki,ruzigarın gözü hələ beləsini görməmişdi.Bir qism tələbə şokda idi:bu,ola bilər ki,ilk dəfə kafedra müdirinin doğru danışdığını(!) eşitdiklərindən,ya da atalarına yazıqları gəlirdi,daha düzünü ALLAH bilir.Bir qism tələbə isə ciddi mübahisəyə girişmişdi.Mübahisə edən tərəflərdən biri-tapşırıq,pul hesabına oxuyanlar-təşvişə düşmüşdü ki,əgər bu kafedra müdiri də o birilər kimi yalançı olsa,onda belə çıxır ki,oxumaqdan başqa variant yoxdu,yoxsa atamız yandı,kəsiləcəyik.Digər tərəf isə-özü oxuyanlar-fikirləşirdi ki,əgər Doğrudanışan müəllim düz deyirsə,onda çox güclü oxumaq lazımdır ki,”3”dən zaddan bir şey alaq.
Mən demişdim ki,bu hadisə sensasiondur.Amma sensasiya nə mühazirə müəlliminin yaltaqlığında,nə onun təhqiramiz sözlərində,nə boş-boş danışığında,nə uşaqların hərəkətlərində,nə Doğrudanışan müəllimin salam verməməyində,nə də onun üzr istəməyib,”gönüqalın”casına otağı tərk etməsində idi.Əsl sensasiya kafedra müdirinin,professorun,AMEA-nın üzvünün,dekanın, prorektorun və s. doğru danışmasında idi. Ona görə də uşaqlar bilmirdi ona inansınlar,ya yox.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий