Həyatın qəribəliklərinə təəccüb etməmək,heyran qalmamaq olmur. Bütün elmlər,ixtisaslar və peşələr insanı öyrənməyə,onun ehtiyaclarını ödəməyə,onun problemlərini həll etməyə xidmət edir.Amma dərindən fikirləşəndə bunların yalnız söz olduğunu,əməldə isə belə olmadığını görürsən.Bu cahil və zəlil bəndə hərdən belə şeylər ətrafında fikirləşəndə çox bədbin,süst olur.Əziz insanlar, öz təəssüratlarımı sizinlə bölüşməyə icazə verin.
Biz həmişə müəllimi müqəddəs insan saymışıq,çünki o bizə elm verir,həyatda mövqe tutmağımızda bizə kömək olur.Amma bu sətirlərin müəllifi olan aciz bəndə müəllimə bir sıra müraciətlə səslənir.
Ey müəllim,mənə çətin riyazi əməliyyatları yerinə yetirməyi öyrətməkdənsə,mənə həyatın çətin sınaqlarından çıxmağı öyrədəydin. Insanlara qarşı necə mehriban,qayğıkeş olmağın çətin düsturlarının həllini öyrədəydin mənə.İnsanların könlünü qırmamaq üçün nə etmək lazım olduğu haqda mənə məlumatlar verəydin.İnsanlara yük olmamaq,onlara əziyyət verməmək,onlara sıxıntı yox,daim rahatlıq bəxş etmək,onların iztirablarını artırmaq yox,azaltmaqçün hansı teoremlərdən istifadə etməyi öyrədəydin mənə.
Ey müəllim,hansısa dilin qrammatikasını yox,qəlbin dilində danışmağı öyrət mənə.Mən dünyanın istənilən nöqtəsində insanların qəlbini ovutmaq,qafil qəlbləri huşyar etmək,sınıq qəlbləri ələ almaq,o qəlblərin acılarına şərik olmaq istəyirəm.Mən qəlblərin dilini bilmək istəyirəm.Milyonlarla dilbilməz insanların incitdiyi milyonlara qəlbi ovutmaq istəyirəm.İnsanların qəlblərinin saiti-samitimi,leksikası,qrammatikasımı var?
Ey,müəllim,mən yerin milyonlarla kilometr dərinliyində,milyardlarla kilometr yuxarısında nələr olduğunu bilmək istəmirəm.Mən yerdən və göydən,şərqdən və qərbdən də geniş insan qəlbinin,heç olmasa,yarım millimetr dərinliyindəki sirləri bilmək,ordakı yaraları sevincləri,kini,ədavəti,paxıllığı,mehribanlığı,kobudluğu,xəbisliyi,qayğını,duyğun,sevgini bilmək,öyrənmək istəyirəm.Niyə bir insan özünə kobudluğu,qəlb qırmağı bayraq edib,digər insan sevgini,ədaləti özünə rəhbər seçib?
Biz Rafael,da Vinçi,Bəhlulzadə və s. kimi dahi rəssamları tanıyırıq və bu avam bəndə onların əsərlərini müzakirə etməyə qəti layiq deyil.Amma rəssamlara da müəyyən müraciətim var:
Ey dahi rəsam,insan qəlbinin şəklini çək.Elə bir qəlbin şəklini çək ki,orda o qəlbin bütün hisslərini duyum.Görüm.axı,sevgini rəngi nədi?Qabalığın,qəddarlığın, insanpərvərliyin,sadəliyin, təkkəbürün rəngi nədi?Duyum ki,kədərli qəlblə sevincli qəlbin,sınıq qəlblə sındıran qəlbin,azad qəlblə kölə qəlbin,qəzəbli qəlblə aram qəlbin fərqi nədi?Necə olur ki,bir qəlbə niiifrət hakim olur,digərinə məhəbbət?Birinə təkəbbür digərinə təvazö hakim olan iki eyni ölçülü qəlbin şəkli,forması,rəngi,gözəlliyi eynidirmi,ya müxtəlif?Yaxşı rəssam olmaqçün bu çalarların dərinliyinə,incəliyinə yiyələnmək nə dərəcədə vacibdir?Onları öyrənməkçün hansı kitabları oxumaq,hansı ölkələri gəzmək,hansı müəllimdən dərs almaq lazımdı?
Ey minlərlə hündür binaların,möhtəşəm əsərlərin planını cızan mühəndis,öyrət mənə mükəmməl bir qəlb tikməyi,bütün strukturu,içi mükəmməl olan bir qəlbin planını cız,ölçülərini,ora sərf olunacaq materialları yaz,hesabla.Göstər görüm mənə,sındırılmış qəlbi yenidən necə bərpa etmək olar?Göstər mənə qəddar,zalım,xəbis qəlblə mütəvazö,sadə,incə qəlbin strukturundakı fərqi.
Ey təbib,öyrət mənə qəlbin (ürəyin yox!) anatomiyasını,fiziologiyasını.Görəsən,alçaq qəlblə, daim pislik etməyi düşünən qəlblə yaxşılığı özünə adət etmiş qəlbin qan qovma qüvvəsi.qulaqcığı,mədəciyi,sərtliyi eynidirmi?Ya ölçüsündədir fərq?Görəsən,zərrə qədər də insafdan anlamayan qəlbin xəstəliyi insafı həyat tərzinə çevirən qəlbin xəstəliyi ilə eynidirmi?Ya,bəlkə,sərt qəlblər,qəddarlığı,zalımlığı ilə fəxr edən qəlblər heç xəstələnmir?Bəlkə,o qəlblərin xəstəliyi elə qəddarlığında,zalımlığındadır?Ya,bəlkə,yumşaqlıq,mehribanlıq özü qəlbin xəstəliyidi?Ey təbib,ömrün boyu bunlar haqda düşündünmü?Bir insana şəfa verərkən gündə əzilən,alçaldılan minlərlə qəlbin ağrısını duydunmu?Əlinin altında yatan xəstənin xəstəliyini müalicə edərkən onun könlünü almağı,qəlbindən gündə yüz dəfə keçirdiyi şübhələri bir “sağalacaqsan” sözünü deməklə silməyi,ona dediyin sözlərin,qəlbinin istiliyini ona verməyin nə qədər əhəmiyyətli olduğunu düşünşünmü?
Ey insan!Bizim qəlbimiz fiziki cəhətdən nə qədər oxşardısa,içində saxladığı hisslərə,insanlara, ətrafına,dünyaya münasibətinə görə bir o qədər fərqlidir.Kimimiz qəddar,başqalarını əzməyə meylli,hər bir şeydə öz mənfəətini güdən,zərrə qədər insaf,iman, həssaslıq,qayğıkeşlik anlamayan qəlbə, kimimizsə çox sadə,əyri,ziyan,alçaq işlərdən uzaq bir qəlbə malikik.Gəlin, sirrini hələ bundan sonra milyon illər keçsə də heç kimin aça bilməyəcəyi qəlbimizi ancaq bəşəriyyətin xeyrinə,inkişafına, insanların rifahına,rahat yatmalarına.bizə görə əziyyət çəkməmələrinə kökləyək.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий