воскресенье, 13 марта 2011 г.

inkisaf elmlə olur

Ətalət, yoxsa düşünmək?
Elm Elm işıqdır, elmsizlik isə zülmət. (Uşinski)
(Uşinski)
Böyük təəssüf hissilə etiraf etmək lazımdır ki, bəşərə böyük töhfələr vermiş, istər əxlaqi, istər ictimai yöndə kamilliyə çatmağı məqsəd seçmiş islam dini uzun əsrlərdir öz mənasını və fəlsəfəsini itirmiş, demək istədiyi, insanlara çatdırmaq istədiyi ismarışlar hiss olunmadan təmamilə fərqli istiqamətlərə yönəldilmişdir. Müsəlmanlar isə buna biganədirlər və daha faciəlisi isə əksəri heç bunun fərqində belə deyillər. Yalnız görən və düşünən, daha doğrusu, görmək və düşünmək istəyən adamlar istisnadır. “Quran”ın dediyi kimi “görənlə görməyən bir deyil”, “bilənlə bilməyən eyni deyil”, “burda (bu kitabda, bu ayədə) düşünənlər üçün böyük hikmətlər var”.
İslam dininin məhdud coğrafi ərazini əhatə etməsi, “islam” və “müsəlman” anlayışlarının fərqli məna ifadə etmələri, XII – XIII əsrlərdən sonra, demək olar ki, nüfuzunu itirməsi və dünya ictimai həyatında heç bir rol oynaya bilməməsi, bu dinin əsas qanunu olan “Qurani – Kərim”in bir stolüstü kitab və yol göstərən mövqeyindən çıxması təsadüfidirmi, sizin fikrinizcə?
Əlbəttə, sadalanan və sadalanmayan onlarca məsələlərin səbəbi bir deyil, bunlardan bir neçəsini fikirləşmədən qeyd etmək olar.
1) İslamı təmsil edənlər insanlar
2) Siyasi məsələlər
3) İslama etiqad edənlərin şərq xalqları olması

1) Əgər digər dinlər zamanın dəyişməsilə öz qanunlarını və ehkamlarını itirmişdilərsə, sonuncu din öz ehkamlarını qorumaqla zamanla ayaqlaşa bilmədi. İnsanlara, onların tələbatlarına cavab verə bilməyən, onların suallarını cavablandırmaqda aciz qalan din, əlbəttə, onların həyat yoluna, məqsədinə çevrilə bilməz, kamilliyə çatmaq vasitəsi kimi qəbul olunmaqdan isə söhbət gedə bilməz. Peyğəmbəri – Əkrəmin cahil ərəblərə şərh etdiyi dini ehkamların və fəlsəfənin inkişaf edən və təfəkkürü daim dəyişən insana çatdırılmasında böyük problemlər yaşandı və hələ də bunun öhdəsindən gəlinə bilinmir. Xüsusən XVI əsr qərbdə baş verən intibahdan sonra islam ilə və ya daha doğrusu islamı təmsil edənlərin təfəkkürü ilə qərb dünyası və düşüncə tərzi arasında çox böyük uçurum yarandı. İl-ildən və hətta daha böyük sürətlə inkişaf edən qərb çox qısa zamanda insanlara, sözsüz ki, mütərəqqi insanlara böyük məmnuniyyətlə qucaq açdı və onları ətrafında toplamaqla yanaşı islam və şərqi, yaxud islam şərqini, azı, 4 əsr qabaqladı. Bunun nəticəsi olaraq indi gördüyümüz mənzərəni bədii olaraq belə ifadə etmək olar: “indi islam və ya şərq dünyası qərbin dalınca qaçır, daha doğrusu, sürünür.”
Onları sürətlə ötüb keçən qonşularını görən müsəlmanlar “başlarının altına yastıq qoyaraq” özlərinə çox sadə və anlaşılan, təsəlli verən və uyudan bir deviz seçdilər : “ Biz Allahın ən doğru dininə sitayiş edirik və bu, bizi indi Allahın gözündə, sonda, yəni axirətdə isə onların müqabilində üstün edəcək.” Buna özləri nə dərəcədə inanırdılar, çox müəmmalıdır, çünki hər bir həyat ehtiyacları, məişətləri, istirahətlərinin bəyənmədikləri qərblidən asılı düşməsi azmış kimi, azadlıqları və vətənləri onların əlinə keçdi, nemətləri daşındı, özləri isə qul oldular və qərblinin gözündə insandan da aşağı hala salındılar. Bu qeyri – insani həyat tərzi belə yatmış müsəlmanları ayıltmadı və onlar çəkdikləri əzabı, həyatda min bir zəhmətə qatlaşmağı fəxr və Allaha yaxınlaşmaq vasitəsi hesab etdilər.
Peyğəmbərin qoymadığı və hətta qadağan etdiyi qanunlar hakim oldu islam dünyasında. Məsələn, islamı təmsil edənlər elə görüntü yaratdılar ki, sanki islam şəriətinə aid olan hər hansı məsələ haqda və ya “Quran”ın hər hansı ayəsi haqda ancaq din alimləri fikir yürüdə bilər. Özlərini Peyğəmbərin nümayəndəsi kimi təqdim edərək fikirlərinin adi insanlar tərəfindən müzakirə oluna bilinməsindən üstün olması fonunu yaratdılar və ətalətin və düşüncəsizliyin toxumunu səpdilər.
Daha maraqlısı budur ki, əgər müxtəlif alimlər hər hansı bir məsələ haqda müxtəlif rəylər söyləyirlərsə, hamısı müəyyən mənada doğrudur və müsəlman hər hansı birini qəbul etməkdə haqlıdır. Amma din alimi olmayan birisi ağıla və məntiqə söykənən şərh versə belə qəbul olunmağa layiq deyil. Bundan da dəhşətlisi odur ki, əgər müəyyən məsələ haqda alimlər müəyyən fikir söyləyiblərsə, o qeyd – şərtsiz qəbul olunmalıdır, söyləməyiblərsə, bunun haqda kiminsə düşünməsi lazım deyil. Bu metodla insanları ağıllarının mühakiməsinin təsirindən ayıran “din başçıları” onları öz təsirləri altına salmağa çalışdılar.
Halbuki Peyğəmbər buyurmuşdu ki, ağıl insanın ikinci peyğəmbəridir. O möhtəşəm insan çox sadə dillə demək istəyib ki, insana doğru yolu göstərən onun ağlıdır və onun hər şey haqda fikirləşməyə ixtiyarı var və hətta hər məsələdə özünəməxsus mövqeyinin olması ən təbii bir şeydir.
Burdan asanlıqla belə nəticə çıxarmaq olar ki, özlərini islamın nümayəndələri kimi təqdim edən şəxslər, əslində, islama ən böyük zəbəni vurdular. Çünki məhz onların planlı yanlış təbliği sayəsində adi müsəlmanlar elmdən daha çox dini təmrinlərin həyata keçirilməsinə əhəmiyyət verdilər. Onu mütləq qeyd etməliyəm ki, heç vaxt elmi hansısa kateqoriyalara bölməyən Peyğəmbərin əksinə olaraq bu alimlər elmi dini və dünyəvi olmaqla iki qola böldülər və birincini ikincidən Allah yanında daha qiymətli bildilər. Elmə aid olan bütün hədis və ayələrin hamısı, guya dini elm haqda buyurulub təsəvvürü yaratmağa müvəffəq oldular.

2) Bu haqda deyəcəklərim əslində 1-ci bənddə anlatmaq istədiklərimlə o qədər iç – içədir ki, bəzi məsələlərin hansı bəndə daha çox aid olduğunu söyləmək çətin olur. Daha doğrusu, hər 3 bənddə sadalananlar əslində bir – birilə sıx rabitədə olan və bir – birini şərtləndirən amillərdir.
İslamın məqsədlərinin müsəlmanı nə qədər inkişaf etdirdiyini və barbar bir insanı alimə, səyyaha, filosofa çevirdiyini görən düşmənlər bunun qarşısını almaq üçün çox dərin planlar hazırladılar. Bu planların dahiliyini anlamaq üçün təkcə onu demək kifayətdir ki, müsəlman islam kimi dahi bir dinin təsirindən çıxıb bu planı quranların tələsinə düşdülər və bunun üçün çox zaman tələb olunmadı.
Şərqli psixologiyasına xas olan bəzi xarakterlər də bu prosesin asanlaşmasına yardımçı oldu ki, bu haqda növbəti bənddə danışacağıq.
“Quran”ı cismani cəhətdən, yəni maddi mənada məhv etmək mümkün deyildi, çünki Peyğəmbəri – Mutəhhər “Quran” hafizliyi ənənəsini yaratmışdı və bu məktəb günümüzdə də böyük məhəbbətlə davam etdirilməkdədir. İnsanları “Quran”dan uzaqlaşdırmağın mümkünsüzlüyü anlaşıldıqdan sonra qərara alındı ki, ümumiyyətlə, insanları “Quran”a yaxın buraxmaq lazım deyil. Bunun üçün “Quran”ı anlamaq və nəticə çıxarmaq əvəzinə onu sadəcə oxumaqla da Allaha çatmağın mümkünlüyü haqda fikri islam cəmiyyətinə aşıladılar. İndiyə kimi insanların həyat yolu olan “Quran” artıq yalnız ərəb dilində yazılmış və mənası haqda fikirləşməyin heç də vacib olmadığı möcüzələr dolu bir kitaba çevrildi. Bu metodla hər bir oyunu müsəlmanın başına açmaq olduqca bəsit idi, hər bir fikri söyləmək və o fikri “Quran”ın hər hansı bir ayəsilə əsaslandırmaq olurdu. Bundan başqa “Quran”ın müqəddəsliyi çox şişirdildi və elə bir görüntü yaradıldı ki, guya onun hər hansı bir ayəsi haqda yalnız seçilmiş bir neçə islam alimindən başqa heç kim rəy söyləyə bilməz. Təsəvvür edin ki, sizə yad dildə bir kitab verirlər və onu anlamadan belə oxumaqla sizə böyük vəzifə veriləcəyini vəd edirlər. Anlamadığı bir şeyi oxumaqla hər hansı mənsəbə çatmaq insan şəxsiyyətinə nə dərəcədə ucalıq gətirə bilər, hətta əgər bu həqiqətdirsə belə? Və ya o kitabı ana dilinizə tərcümə edirlər, amma ondan nəticə çıxarmaq ixtiyarından sizi məhrum edirlər və onun şərhini yalnız müəyyən insanlardan ala biləcəyiniz təklif olunur, o şərhlər sizi qane etməsə belə doğruluğu iddia edilir. Bu işlərin məntiqə zidd olduğunu qəbul etmək, əlbəttə, çətin deyil, əgər azca da olsa o varsa.
İndi eyni şeyləri Allah və Onun kamillik qanunnnaməsi olaraq göndərdiyi kitab olan “Quran"”haqda düşünün. Allah insana “Quran”ı ona görəmi göndərdi ki, insan onu yad dildə oxumaqla özünə savab qazansın? Yaxud ona görəmi ki, onu oxusun, amma onlardan nəticə çıxarmağa qorxsun və şərhini kimdənsə istəsin? Məntiqin ən yüksək səviyyəsi olan Allahın məntiqi bu qədərmi cılızdır? Bu tipli sadə sualları müsəlman özünə və ya ali saydığı alimə verməyə cəsarət etmədi. Çünki ona geri qalmaq, cahil olmaq, işıqdan uzaqlaşmaq haram edilmədi, amma insanın bütün yaradılmışlara qarşı üstünlük simvolu olan düşünmək, fərqli fikir söyləmək, sual etmək haram edildi.
O alimlər isə qəsdənmi, ya səriştələri çatmadığındanmı “Quran”ı zamanın tələblərinə görə deyil VII əsr insanın dünya görüşünə görə şərh etdilər. Sürətlə inkişaf edən insan təfəkkürü və gündən – günə fərqliləşən çox müxtəlif fəlsəfi cərəyanlar və dünya görüşləri bu qədər primitiv görünən mifik bir dini qəbul edə bilməzdilər. Ona görə düşünə bilən, düşünən, yenilikçi, mütərəqqi insanlar ən azı bu dini tərk etdilər, bir qismi isə bu dinin puçluğu haqda və kifayət qədər əsaslandırılmış əsərlər yazmaqla dünya ictimaiyyətində islama qarşı ikrah yarada bildilər. Bir vaxtlar cəmiyyətin qaymaqlarının sitayiş etdiyi bir din artıq cahillərin, tənbəllərin, elmi sevməyənlərin, elmi müqəddəs saymayanların, hər cür inkişafın, beyində inqilabların düşməni olanların dininə çevrildi. Belə islama pərəstiş edən müsəlman rastlaşdığı real, zamanına müvafiq problemlər haqda deyil, təmamilə əhəmiyyətsiz məsələlər haqda düşünmək üçün yetişdirildi. Sosial və elmi səviyyədə deyil məişət səviyyəsindən kənara çıxa bilməyən nadan bir insan tipi formalaşdırıldı.
Beleliklə, hər bir müsəlman elə sansa da ki, “Quran” onun əlindədir və o, “Quran”dan Allahın istədiyi kimi faydalanır, əslində bunun tam əksi baş vermişdi və çox təəssüf ki, günümüz müsəlmanı hələ də bu stereotipi və illüziyanı sındıra bilməyib. Kitabı əlindən alınmış, cahilliklə baş – başa buraxılmış və bunun fərqində olmayandan daha zəif kim ola bilər?
Elmi Texniki Tərəqqi nəslinin nümayəndələri arasında müsəlman tapmaq “samanlıqda iynə axtarmaq”dır. Halbuki islam elmi ibadətlərin ən üstünü sayır. Gülünc deyilmi, XXI əsr insanı ətrafında baş verən onlarca yenilik haqda deyil, “Fatihə” surəsində şeytanın 7 adının gizlənməsi, maqnitofonla verilən azanın səhih olub – olmaması, dəstəmaz alarkən hansı duanı oxumağın daha münasib olması haqda baş sındırır? Həkim olmağa hazırlaşan gənc müsəlman xəstəyə toxunmaq, onun müəyyən nayihələrinə baxmağın halal –haramlığı barədə kiminsə fikrinə ehtiyac duymalıdırmı, yoxsa tibbin yeniliklərini öyrənmək üçün dəridən – qabıqdan çıxmağa hazır olmalıdır? Astronomiya elmi artıq nəinki bizim günəş sistemində olan planetlərin, hətta digər ulduz sistemlərindəki planetlərinin peyklərini tapmaq, onların dövr periodunu, sürətini hesablamağa qadir olduğu bir səviyyəyə yetişdiyi zamanda müsəlman Ramazan ayının daxil olması və təhvil olması haqda nəyə görə hansısa din aliminin rəyinə ehtiyac duymalı və hər il bu barədə şəkkə düşməlidir?
Hədislərdə deyildiyi görə bu din çətinlik üçün deyil, asanlıq üçün gəlib, amma günümüz islamını bundan çox uzaq görürük. Hər addımda çətinliklər qarşımızı alır, ən adi əməli yerinə yetirmək üçün onlarla şərtin vacibliyindən söhbət açılır. Elə bir müsəlman tapmaq çətindir ki, 50 il bundan sonra dünyanın qarşılaşacağı problemlər haqda düşünsün. Süni mayalanmadan doğulmuş uşaqlar qərb şəhərlərinin küçələrində oynayanda müsəlman o süni mayalanmanın haram olduğu, yaxud əmmaməli, əbalı namaz qılmağın müstəhəb olması haqda məsciddə moizə oxuyurdu. Kosmosda vulkanlar kəşf edən qərblinin qarşısında orda necə namaz qılacağını, qiblə olaraq hara baxacağını özünə dərd edən müsəlmanı görürük. XVIII –XIX əsrlərdə meydana gəlmiş qalstukları taxmağın halal, ya haram olması haqda hələ də müsəlman dəqiq qərara gələ bilməyib.
3) Yuxarıdakılardan heç də az əhəmiyyət daşımayan bu bənd özü bir neçə xırda başlıqlara bölünə bilər, amma əvvəlki bəndlərə aid olan məsələləri də olduqca qısa izah etdiyimdən və yazımın çox qısa həcmli olmasını istədiyimdən burdakı problemləri də vahid başlıq altında araşdırmağa çalışacam.
—Şərqli təbiətinin ən ayrılmaz hissəsi onun zahirə daha çox, mahiyyətinə isə daha az əhəmiyyət verməsidir. Ona görə şərqli müsəlman islamın göstərişlərinə, onların məzmununu araşdırmadan, formasını əsas bilərək əməl etməyi üstün tutdu. Ən sadə və qabarıq misal olaraq hələ də müsəlmanın saqqallı olmaq, hətta bəzi müsəlmanların qısa balaqlı şalvar geymə imicindən çıxa bilməməsini göstərmək olar. Onlar hər biri Peyğəmbərin adətini yerinə yetirdiyini əsas gətirməklə özlərinə haqq qazandırırlar. Əlbəttə, hər bir insan imic seçimi və fikirlərində çox sərbəstdir. Amma mən onu vurğulamaq istəyirəm ki, yaxşı olmazdımı ki, müsəlman belə şeyləri daha vacib, Allaha yaxınlaşmaq vasitəsi bilməkdənsə, daha prioritet məsələlərlə məşğul olsunlar? Olmazdımı ki, “rəhbər”lər Peyğəmbərin niyə saqqal saxladığını, onun tibbi və ictimai əsaslarını adi müsəlmanlara izah etsinlər və onlara imic sərbəstliyi versinlər? Əlbəttə, “kişinin hicabı onun saqqalıdır” və s. kimi gülünc, qondarma hədislərin yaşadığı müasir islam cəmiyyətində mənim ideyalarımın reallaşması xəyal kimi görünür. Söz verdiyimiz kimi təfsilatlara girməyəcəyimizdən hədislər, ayələr və onların müzakirəsi oxucuların öz ixtiyarındadır.
Onlarca hədis misal gətirmək olar ki, orada islamın dahi mütəfəkkirləri olan Peyğəmbər və Hz. Əli, onlarca ayə gətirmək olar ki, orada Cənab Allah özü müsəlmanları düşünməyə, dolayısı ilə məsələnin mahiyyətinə varmağa çağırır. Mətnimizin əvvəlində diqqətinizə çatdırılan “Quran” ayələrinə əlavə olaraq deyə bilərik ki, həmin kitabda 800 - ə yaxın və ya ondan bir az çox insanlar düşünməyə çağrılır. DİQQƏT!!! Kimdənsə soruşmaq yox, DÜŞÜNMƏK vurğulanır.
“İnsanların ruku və səcdələrinin uzunluğuna fikir verməyin, onların ağlını mühakimə edin” deyir Hz. Əli. Və yüzlərcə digər misallar...
Əlbəttə, yuxarıdakı bəndlərdə dediyim kimi mühakimə qabiliyyəti, düşünmək sərbəstliyi həbs olunmuş, “Quran”a yaxın buraxılmayan müsəlmana bu hədislər və ayələr daha az şərh olunub, nəinki onun geyimi, saqqalı, rukuda, qunutda, səcdədə, gecə namazında, əhya gecələrində oxuyacağı duaların uzunluğu, ağlamağın fəziləti, Allah yanında qiyməti haqda.
—Daxilində tənbəllik olan şərqli isalmdan da öz xeyrinə istifadə edərək bu xarakterinə asanlıqla bəraət qazandırdı. O məqsədinə çatmaq üçün duanı əməldən, iş görməkdən üstün tutdu. Bunun sayəsində isalm bir əməl dini olaraq deyil, hərəkətsizlik, sükunət, dua dini olaraq təşəkkül tapdı və tanındı.
—İnsanların qəlbində yeniliyi qəbul etməyə qarşı əcaib və izaholunmaz müqavimət fenomeni var. Qalileyləri, brunoları, kopernikləri məhz bu fenomenin qurbanı olan qərb gec də olsa, yəni intibah dövründən sonra mühafizəkarlığını tərk etdisə də şərqli xislətinə hakim kəsilən bu fenomen islam aləminə də az ziyan vurmadı və təəssüf ki, müsəlman hələ də bu haqda düşünməkdən çox uzaqdır. Yeni düşüncə sahibləri klassik və artıq qəlibə çevrilmiş fikirləri yıxmaq, müsəlmana hərəkət vermək, ətaləti sökmək istəsələr də lənətlənmiş insanlar kimi təqdim olundular, onları dinləmək haram elan olundu, kafir damğası vuruldu, hətta bir çoxları nüfuzlarını hər şeydən üstün tutan islam nümayəndələri tərəfindən məhv edildi. İslama etiqad edən insanlara yeni fikir dinləmək, VII əsrdən qalan adətlərə zidd olan hər şeyi qəbul etmək haram edildi. Sirr deyil ki, ehkamların müzakirəsi, ümumiyyətlə, bu haqda düşünmək müsəlman üçün heç vaxt açılmaması tələb olunan “40 –cı qapı”dır.
Burda çox önəmli olan bir nüansa diqqətinizi çəkmək istərdim ki, Hz. Peyğəmbər özü də yenilikçi və fikirlərdə inqilab nümayəndəsi idi və onun məqsədi məntiqə söykənməyən hər şeyi söküb atmaq, düşüncə üzərində qurulmuş, ağıla söykənən bir cəmiyyət yaratmaq idi. Amma onun hərəkət və sözlərini yalnız maddi mənada anlayan müsəlmanlar və xüsusən, “dini lider”lər yaşadıqları əsrə, onun tələblərinə baxmadan VII əsr islamını yaşatmağa çalışdılar. Nəticədə islama inanan bir kütlə formalaşdı və biz bu kütləni bu gün də görməkdəyik.
“Övladlarınızı dövrünüzün tələblərinə uyğun tərbiyə edin” buyuran Hz. Əli mənim bir neçə səhifədə anlatmaq istədiklərimi bu bircə cümləsilə dahiyanə ifadə etmirmi? VIII və ya XXII əsr müsəlmanına VII əsr islamının bütün elementləri deyil, o elementlərdəki mahiyyəti, məğzi həmin əsrə uyğun çatdırmaq lazımdır, XXI əsr müsəlmanı da özünü VII əsr müsəlmanı ilə müqayisə etməməlidir.
Çox qısa və incəliklərə varmadan çatdırmaq istədiyim bu yazını əslində müsəlmanı oyatmağa çalışan bütün mütəffəkirlərin, xüsusən, Hz. Peyğəmbərin, Hz. Əlinin, Əli Şəriətinin, Murtəza Mutəhhərinin, M. F. Axundovun, H. Cavidin, Ü. Hacıbəyovun, İ. Həsənəlizadənin və s. dahilərin fikirlərinin davamı sayıram və hamısına təşəkkür edirəm.
Təəssüf hissilə vurğulayıram ki, müasir və elm əhli olan müsəlmanın inanmaq istədiyi islam ilə yaşadığı və ehkamlarına riayət etdiyi islam arasında dərin uçurum var.


08. 08. 03. 2011

среда, 20 октября 2010 г.

Artıq Elçin Əlibəyli ən məşhur şoumen sayıla bilər. Çünki onun verilişi ilk baxışda maarifpərvər görünür, amma əslində bu, şou proqramından başqa bir şey deyil. Postmodernist ədəbiyyatda söyüş sözlərdən istifadə etmək məqbuldur. Indiyə kimi tənqidə tolerantlıqdan dəm vuran Elçin indi özü tənqiddən necə yandığını gizlədə bilmir. Indiyə kimi dəfələrlə özünü səviyyəli azərbaycanlı oxucu yanında biabır edən Elçin özünü bəraətə qovuşdurmaq üçün özündən də dəfələrlə səviyyəsiz adamları - jurnalistikadan əllaməlik edib, özü isə dəflərlə qeyd etdiyim kimi, jurnalistikadan heç nə qanmayan Zauru - köməyə çağırmışdı. Tənqid istəyirsənsə, cənab Zaur, al bu da tənqid. Sən jurnalistikaya tam zidd olan bir işi edirsən, rus sözlərindən istifadə edirsən, özü də bunu ona görə etmirsən ki, o veriliş ruscadı, yox, ona görə edirsən ki, həmin vaxt uyğun Azəri sözü tapa bilmirsən, bir jurnalist kimi sənin söz balansın olduqca azdır, qabiliyyətin isə ondan da azdır,bu sənin qeyri – peşəkarlığındı. Səni və sənin kimi savadsızları efirdən elə qovmaq lazımdır ki, bir də onun adını tutmayasan. Amma yox,səni qovsalar, evdar qadınlar kimə baxar? Amma şoumen olduğundan vəziyyətdən yaxşı çıxdın, əsəbi vəziyyətdə olan adamı konkret kməsə tuşlayıb, özün aradan çıxdın, çünki bu metod səin və ümumiyyətlə, ATVnin maqazin proqramlarının əsas qayəsidir.
Elçin, səndən danışaq. Sən özün yalançılıq etdiyindən - bu sənin özünü reklam üçün adını çəkdiyin klassiklərin və müasir ədiblərin mənfi, alçaq xüsusiyyət hesab etdiyi xarakterdir – danış. Bəs bunu sənin mədəniyyətsizliyinə dəlalət etmir? Sən kimisə biabır, onun üzərində qalibiyyətini nümayiş etmək üçün onları aldadıb ora yığmısan. Aldatmaq kişiliyə xasmıdır? Yalançılıq, ən azı, Azərbaycana görə arvadlıqdır. Özün deyirsən ki, ədəbiyyatda qayda yoxdur,amma məqaləsində söyüş yazan adamı qaydaları pozmaqda ittiham edirsən. Sən əsəbi cəhətcə emosional adama əsəbi halında qalib gəlməklə özünümü göstərirsən? Heç onu da unutmayaq ki, sən də dəfələrlə kimisə ora çağırıb şəxsiyyətini alçaldırsan, bu təhqirin üstüörtülü forması, metamorfozu deyilmi? Bütün bunlardan başqa, axı, sən kimsən ki, kimisə yazısına görə ora çağırıb müzakirə edirsən? Axı Zaur, ya Rəqsanə, ya sənin özün kimsənsə hər hansı yazarı yazısına görə “dara çəkirsən?” necə olur ki, Zaur oğlanın onu müzakirə etməsinə qısqanclıqla yanaşır, amma Hafiz Mirzənin qısqanclığını bəyənmirsiz. Əgər sən qisas almaq istəməsəydin, yəni qorxaqlara xas yalanşılıq edərdin, nə də kiminsə yaradıcılığını müzakirə edərdin. Sənin verilişin kiminsə yazısının təhlili üçün deyil axı.

Bax, belə və bundan da artıq. Bilirsən, istəyirsən inan, istəyirsən innma, mən bu məqaləni sənin verilişin boyu yazdım - istəsən bunu yazımın ardıcıllığından da görə bilərsən - heç əlavə vaxtımı itirmadım, çünki sənin kimlər üçün mənim vaxtım ayrılmağı təhqir hesab edir özünə. Yeri gəlmişkən onu da qeyd edim ki, sən özün əməlli başlı jurnalist olsaydın, veriliş vaxtı müsahiblərinin “ağzına girməzsən.”
Ay yazıq Zaur, səni kim tənqid etsin, bir halda ki, sənin verilişlərinə bekar evdar qadınlar baxır, onlarmı tənqid yazacaqlar?
Ay bədbəxtlər, mənim fahişəlik haqda bir sözüm var: “Şərqli fahişənin qərbli fahişədən fərqi var –şərqli fahişə fahişəliyini gizlədir, amma qərbli gizlətmir.” Biz şərq ölkəsiyik.

среда, 7 июля 2010 г.

televiziya bohrani

Televiziya böhranı
Azərbaycan efir məkanında baş verən biabırçılıqlar vətənini sevən, özünə hörmət edən, intellektual səviyyəli azərbaycanlıları narahat edir. Kimisi falçıları reklam edir, kimisi heç bir efir və ümumiyyətlə mədəniyyəti olmayan adamları efirə dəvət edir, kimisi ulduzların qarderobunu eşələyir, ayrı – ayrı şəxslərin fərdi həyatlarının sirli məqamlarını üzə çıxartmağa cəhd etməklə verilişinə və özünə məşhurluq qazandirmaq istəyir və s.
Mən hələ də cavab tapa bilməmişəm ki, televiziya insanın zövqünü formalaşdırır, yoxsa televiziya proqramları insanların zövqünə əsaslanır? Amma belə bir şeyin olduğunu bilirəm ki, hər bir verilişin reytinq balı var və o bal nə qədər insanın həmin verilişə baxması ilə hesablanır. Burdan belə nəticə çıxır ki, əgər insanlar səviyyəli verilişlərə (təbii ki, əgər səviyyəli veriliş varsa) baxıb səviyyəsizlərdən imtina etsələr bu cür verilişlərin sayı da azalar. Çox maraqlıdır ki, eyni saaatda gedən 2 verilişdən elmi, intellektual yükü, verə biləcəyi məlumat çəkisi, həta aparıcısının səviyyəsi digərindən üstün olan verilişin reytinqi bizim ölkədə daha azdır. Bu da dolayısı ilə həmin verilişin bütün heyətinə daha az pul gətirir. Nəticədə elmi, araşdırmaya əsaslanan, əhalinin mədəni, sosial həaytina daha çox fayda verə biləcək verilişlərin sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az olur.
Bütün bunların sübutu üçün çox uzağa getməyək. Bir ara kanallardan hansısa kulinariya yönlü veriliş açdı. Bundan sonra digər kanallarda da bu tipli nəinki bir, hətta müxtəlif saatlarda bir neçə veriliş açıldı. Onu da qeyd edim ki, bir sıra verilişlərin formatı mətbəxə hesablanmamışdısa da sonradan bir rubrika kimi onu da verilişə calaq etdilər. Və ya bir ara falçıların və bu kimi uydurmaçılıqların reklamına yönəlmiş verilişlər televiziya efirini cənginə aldı. Bir müddət səviyyəsiz aparıcılardan bir qismi ulduzların “plavki”lərindən belə hər şeylərini xalqa göstərməklə cəsarətli və hər şeyin iç üzünü açan aparıcı olmalarını iddia etmək istədilər və deyərdim ki, buna nail oldular – öz iç üzlərini necə də aşağılıq biri olduqlarını nümayiş etdirdilər. Bunun əksi olaraq isə “Milyonçu”, “Zəfər zəngi”, “Pulgir”, “Zəif bənd”, “Auksion” kimi verilişlər efirdən yığışdı.
Bir nüansı da diqqətdən qaçırmayaq ki, veriliş “açmaq” üçün sponsor tapmaq lazımdır və sponsorlar da reytinqi yüksək olan verilişlərə pul ayıırırlar. Belə olduğu təqdirdə adını çəkdiyim intellektual verilişlər ayaq tutub yeriməyə başlar – başlamaz həaytlarını başa vururlar. Hətta belə biabırçı faktlar da var ki, pul və ya digər qiymətli şeylərlə mükafatlandırılmalı olan qaliblər bundan məhrum buraxılır (sözsüz ki, bunlar kamera arxasında qalır).
Daha bir diqqət çəkən məqam ondan ibarətdir ki, bizim telekanalların hazırladıqları verilişlərin əksəri öz beynimizin məhsulu deyil, Türkiyənin televersiyalarının bu və ya digər formada işlənmiş variantıdır. Bunda kimi günahlandırmaq lazımdır mən bilmirəm.
Bu yaxınlarda bir qohumum mənə dedi ki, ən üzdə olan, şitliyi və üzlülüyü ilə dillər əzbəri olan Zaur (“Yağ kimi”nin müəllifi) fəxr edirmiş ki, Azərbaycan teleməkanına ləhcə ilə danışmağı gətirib. Bir nəfər də onun cavabını vermədi ki, ay savadsız və özündən müştəbeh bədbəxt! Televiziyada işlədilməsi caiz olan olan dil ədəbi dildir. Burda hər hansı ləhcə ilə danışmaq, hətta vurğunu belə ləhcəyə uyğun işlətmək qeyri – peşəkarlığın və bisavadlığın əlamətidir. Təəssüf edirəm ki,bizim əhalinin əksər qismi bunu anlamaqda necə də gücsüzdür və beləsinə qibtə etməklə məşğuldur. Bizim zəmanədəmi, bizim ölkədəmi meyarlar pozulub, heç nəyi öz vahidi ilə ölçmürlər. Bu arada mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Qiymət” poemasından parça yerinə düşür:


Dağılar qaydalar,pozular nizam
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də çatlayıb üzülər tamam
Almasa, sərrafdan düz qiymətini.
Amma bir şeyi unutmamaq lazımdır ki,bizim kəskin tənqid atəşimizi rast gələn verilişlər səviyyəsinə həsəd apardığımız ölkəllərdə heç də bizdən az deyil. Bəs nəyə görə biz daha narahatıq? Ona görə ki, bizdə ayrıca maqazin, mətbəx, əyləncə, klip, kino, səyahət, xəbər, elmi araşdırmalar və s. profilli telekanallar yoxdur. Odur ki, adıçəkilən və çəkilməyən bütün sahələrə aid verilişlər bizdə eyni kanalda gedir, sözsüz ki, nisbət fərqliliyi ilə. Nəticədə alınan “həftəbecər”dən əziyyət çəkən və ümidini başqa antennalar vasitəsilə xarici kanallara bağlayan intellektual təbəqə olur.

суббота, 29 мая 2010 г.

universitet hesreti
Universitet heyatinin son ders gununden 1 gun sonra... icimde her bir universitet mezununun ve heyatda nese itirmish, tekliye düşmüş insanın keçirdiyi izaholunmaz hisslər var. Hər bir məsələyə olduğu kimi bu məsələyə də müxtəlif rakurslardan baxmaq və qiymət vermək olar. Bu gün mən bu hadisəyə universitet həyatını bitirməkdən məyus olan adam kimi baxacam. mən axırıncı dərs günü dərsə getməmişdim, ona görə ki, bir yoldaşla görüşmüşdüm, amma çox heyf. çox çox heyf ki, getmədim, axı mən o yoldaşla başqa vaxt da görüşə bilərəm, amma daha heç vaxt "bu gün dərsə getmədim, sabah gedərəm" deyə bilməyəcəm. Daha heç bir vaxt qayıb düşməməkdən ötrü qan-tər içində, təngnəfəs halda dərs otağına girə bilməyəcəm. Daha heç vaxt müəllimlərə elə həmin müəllimlərin dövründən qalma, ya da lap təzə özümüzün kəşfi olan, "xoruz qulağı eşitməmiş" bəhanələr uydura bilməyəcək və məqsədimizə çatdıqdan sonra "gördün necə inandı" deyə sadəlövhcəsinə tələbə yoldaşlarımızın yanında "öyünə" bilməyəcəyik. Heç vaxt mühazirələrin gözəlliyindən zövq ala bilməyəcək, sıxıcılığından tez qurtarmasını arzulamayacaq, mühazirəni pozmaqlami, sual verməkləmi, ya başqa bir yolla hamının diqqətini özümüzə yönəltməyəcəyik. İmtahan stressindən birtəhər olmayacaq, müəllimin qabağında "dilimiz topuq vurmayacaq", "boğazımız qurumayacaq", yaxşı qiymət alnda sevincək, pis qiymət alanda məyus olmayacağıq. İndi heç harda "Əşşi, tələbədi" deyib bizə güzəşt etməyəcəklər, indi qohumlarımız cibimizə pul basıb deməyəcəklər ki, "tələbə adamsan, xərclərsən." İndi təqaüdümüzün az olmasından şikayətlənə bilməyəcəyik. İndi valideynlərimiz bizi çox pul xərcləməkdə ittiham də bilməyəcəklər. Burda bir sitatı xatırladım, səhv etmirəmsə, Tolstoydandı: " Bütün gənclər...,nə qədər yoxsul olsalar da heç zaman bu gənclərin gündəlik həyat ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar." İndi kitab oxuya - oxuya yuxuya gedən anlarımız olmayacaq, yaxud səhərə qədər oyaq qalıb mühazirələrdə yuxusuzluqdan özümüzü zorla oyaq tutduğumuz anlar olmayacaq. İndi qrup uşaqları ilə duzlu zarafatlarımız olmayacaq. İndidən sonra biz də bir qrup insanların içərisinə daxil oluruq, kaş olmayaydıq. o qrupun insanlarını bir şey birləşdirir, onlar həmişə öz yaxın tələbə qohumlarına belə tövsiyə edərlər: " Tələbəlik gözəl şeydi, onun qədrini bilin, ondan istifadə edin." Bu qrup tələbəlik həyatını başa vurmuş,fəqəqt ondan kifayət qədər kam ala bilməmiş təəssüf dolu insanların qrupudur. İnsan nankordu, əsrlər keçəcək, amma həmişə insan tələbəliyin qədrini mütləq tələblikdən sonra biləcək. Bizim yaxşı və pis günlərimiz, sevinli və kədərli günlərimiz çox olacaq, amma onların heç biri tələbəlik illərinin ən acı günüylə müqayisəyə gələcək qədər əziz olmayacaq. Biz o günləri itirdik ki, dünyada keçdiyinə görə heç bir günlərə, illərə o qədər heyfslənməyəcəyik. Mən orta məktəbi qurtaranda çox heyfslənmədim, çünki onun yerini universitet həyatının dolduracağını bilirdim. İndi nəyə, hansı günə və ya hansı kollektivə ümid edə bilərəm ki, tələbəlik illərini və universitet kollektvini əvəz edə bilər?! İndi "Tələbə" şeri mənə nə qədər əziz, nə qədər doğma gəlir, izah edə bilmirəm. İndi o şerin sözlərindəki hikmət mənə çatır."Çox - çox adi dolanarDünyaya, cahana, insana". Heç nə vecimizə deyildi, problemimiz olanda arxalanmağa bir adam tapırdıq, axı TƏLƏBƏ statusumuz vardı, hər şey bizə adi gəlirdi, hə şeyi soyuqqanlı qəbul edirdik, sanki belə də olmalıymış və böyüklər bu hərkətimizdən çox əsəbiləşərdilər."Gələcəyə inanarTƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ""Sızlar yada düşəndə Ürəyimin telləriO mehriban, o əzizTƏLƏBƏLİK İLLƏRİHay eşitsə, hay verərQəmini saxlayar, gizləyərEvincindən pay verərTƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ." Məgər biz kədərimizi kiməsə bildirərdik?! Kim necə olduğumuzu soruşsa, "Hər şey yaxşıdı" cavab verərdik, amma sevincli anımızı soruşan olmasa belə, bir bəhanə ilə söhbət mövzusuna çevirərdik, hamını o sevincə şərik etmək istərdik.Sonda bir qrup yoldaşımla yazışmanın mövzusunu sizə çatdırıram.O: Ehh, bu da son, tələbəliyin sonu.Mən: çox məyusam.O: Hər şey bitdi.Mən: Hər şey bitmədi, amma ən şirin olan, ən gözəl olan bitdiBəli, ƏN ŞİRİN olan TƏLƏBƏLİK bitdi

пятница, 28 мая 2010 г.

Həyatın qəribəliklərinə təəccüb etməmək,heyran qalmamaq olmur. Bütün elmlər,ixtisaslar və peşələr insanı öyrənməyə,onun ehtiyaclarını ödəməyə,onun problemlərini həll etməyə xidmət edir.Amma dərindən fikirləşəndə bunların yalnız söz olduğunu,əməldə isə belə olmadığını görürsən.Bu cahil və zəlil bəndə hərdən belə şeylər ətrafında fikirləşəndə çox bədbin,süst olur.Əziz insanlar, öz təəssüratlarımı sizinlə bölüşməyə icazə verin.
Biz həmişə müəllimi müqəddəs insan saymışıq,çünki o bizə elm verir,həyatda mövqe tutmağımızda bizə kömək olur.Amma bu sətirlərin müəllifi olan aciz bəndə müəllimə bir sıra müraciətlə səslənir.
Ey müəllim,mənə çətin riyazi əməliyyatları yerinə yetirməyi öyrətməkdənsə,mənə həyatın çətin sınaqlarından çıxmağı öyrədəydin. Insanlara qarşı necə mehriban,qayğıkeş olmağın çətin düsturlarının həllini öyrədəydin mənə.İnsanların könlünü qırmamaq üçün nə etmək lazım olduğu haqda mənə məlumatlar verəydin.İnsanlara yük olmamaq,onlara əziyyət verməmək,onlara sıxıntı yox,daim rahatlıq bəxş etmək,onların iztirablarını artırmaq yox,azaltmaqçün hansı teoremlərdən istifadə etməyi öyrədəydin mənə.
Ey müəllim,hansısa dilin qrammatikasını yox,qəlbin dilində danışmağı öyrət mənə.Mən dünyanın istənilən nöqtəsində insanların qəlbini ovutmaq,qafil qəlbləri huşyar etmək,sınıq qəlbləri ələ almaq,o qəlblərin acılarına şərik olmaq istəyirəm.Mən qəlblərin dilini bilmək istəyirəm.Milyonlarla dilbilməz insanların incitdiyi milyonlara qəlbi ovutmaq istəyirəm.İnsanların qəlblərinin saiti-samitimi,leksikası,qrammatikasımı var?
Ey,müəllim,mən yerin milyonlarla kilometr dərinliyində,milyardlarla kilometr yuxarısında nələr olduğunu bilmək istəmirəm.Mən yerdən və göydən,şərqdən və qərbdən də geniş insan qəlbinin,heç olmasa,yarım millimetr dərinliyindəki sirləri bilmək,ordakı yaraları sevincləri,kini,ədavəti,paxıllığı,mehribanlığı,kobudluğu,xəbisliyi,qayğını,duyğun,sevgini bilmək,öyrənmək istəyirəm.Niyə bir insan özünə kobudluğu,qəlb qırmağı bayraq edib,digər insan sevgini,ədaləti özünə rəhbər seçib?
Biz Rafael,da Vinçi,Bəhlulzadə və s. kimi dahi rəssamları tanıyırıq və bu avam bəndə onların əsərlərini müzakirə etməyə qəti layiq deyil.Amma rəssamlara da müəyyən müraciətim var:
Ey dahi rəsam,insan qəlbinin şəklini çək.Elə bir qəlbin şəklini çək ki,orda o qəlbin bütün hisslərini duyum.Görüm.axı,sevgini rəngi nədi?Qabalığın,qəddarlığın, insanpərvərliyin,sadəliyin, təkkəbürün rəngi nədi?Duyum ki,kədərli qəlblə sevincli qəlbin,sınıq qəlblə sındıran qəlbin,azad qəlblə kölə qəlbin,qəzəbli qəlblə aram qəlbin fərqi nədi?Necə olur ki,bir qəlbə niiifrət hakim olur,digərinə məhəbbət?Birinə təkəbbür digərinə təvazö hakim olan iki eyni ölçülü qəlbin şəkli,forması,rəngi,gözəlliyi eynidirmi,ya müxtəlif?Yaxşı rəssam olmaqçün bu çalarların dərinliyinə,incəliyinə yiyələnmək nə dərəcədə vacibdir?Onları öyrənməkçün hansı kitabları oxumaq,hansı ölkələri gəzmək,hansı müəllimdən dərs almaq lazımdı?
Ey minlərlə hündür binaların,möhtəşəm əsərlərin planını cızan mühəndis,öyrət mənə mükəmməl bir qəlb tikməyi,bütün strukturu,içi mükəmməl olan bir qəlbin planını cız,ölçülərini,ora sərf olunacaq materialları yaz,hesabla.Göstər görüm mənə,sındırılmış qəlbi yenidən necə bərpa etmək olar?Göstər mənə qəddar,zalım,xəbis qəlblə mütəvazö,sadə,incə qəlbin strukturundakı fərqi.
Ey təbib,öyrət mənə qəlbin (ürəyin yox!) anatomiyasını,fiziologiyasını.Görəsən,alçaq qəlblə, daim pislik etməyi düşünən qəlblə yaxşılığı özünə adət etmiş qəlbin qan qovma qüvvəsi.qulaqcığı,mədəciyi,sərtliyi eynidirmi?Ya ölçüsündədir fərq?Görəsən,zərrə qədər də insafdan anlamayan qəlbin xəstəliyi insafı həyat tərzinə çevirən qəlbin xəstəliyi ilə eynidirmi?Ya,bəlkə,sərt qəlblər,qəddarlığı,zalımlığı ilə fəxr edən qəlblər heç xəstələnmir?Bəlkə,o qəlblərin xəstəliyi elə qəddarlığında,zalımlığındadır?Ya,bəlkə,yumşaqlıq,mehribanlıq özü qəlbin xəstəliyidi?Ey təbib,ömrün boyu bunlar haqda düşündünmü?Bir insana şəfa verərkən gündə əzilən,alçaldılan minlərlə qəlbin ağrısını duydunmu?Əlinin altında yatan xəstənin xəstəliyini müalicə edərkən onun könlünü almağı,qəlbindən gündə yüz dəfə keçirdiyi şübhələri bir “sağalacaqsan” sözünü deməklə silməyi,ona dediyin sözlərin,qəlbinin istiliyini ona verməyin nə qədər əhəmiyyətli olduğunu düşünşünmü?
Ey insan!Bizim qəlbimiz fiziki cəhətdən nə qədər oxşardısa,içində saxladığı hisslərə,insanlara, ətrafına,dünyaya münasibətinə görə bir o qədər fərqlidir.Kimimiz qəddar,başqalarını əzməyə meylli,hər bir şeydə öz mənfəətini güdən,zərrə qədər insaf,iman, həssaslıq,qayğıkeşlik anlamayan qəlbə, kimimizsə çox sadə,əyri,ziyan,alçaq işlərdən uzaq bir qəlbə malikik.Gəlin, sirrini hələ bundan sonra milyon illər keçsə də heç kimin aça bilməyəcəyi qəlbimizi ancaq bəşəriyyətin xeyrinə,inkişafına, insanların rifahına,rahat yatmalarına.bizə görə əziyyət çəkməmələrinə kökləyək.
Salam,həqiqəti sevən,riyadan uzaq oxucular.Bu dəfəki cızma-qara həm də sensasiyapərəst insanların diqqətini cəlb edə bilər,çünki sensasion,bəlkə də möcüzəvi bir hadisəni qələmə alıb,möhtərəm hüzurunuza təqdim edirəm.
Bir gün mühazirədə oturmuşduq.Həmişəki kimi kimsə dərsə qulaq verir,kimsə lağlağı döyür,kimsə təzəcə şirin yuxuya keçirdi.Lektor isə 15-20 il bundan əvvəl oxuduğu mühazirə materialını,mətnini elə 15-20 il bundan qabaqkı tərzdə,həmin mimika,həmin jestlərlə bizə tədris edirdi.Amma,insafən deyək ki,hərdən acı,təhqiramiz sözlərindən,zəhrimari sifətindən,səviyyəsiz,küçə səviyyəli istehzasından,özünə şirin,tələbələrə isə şit,tükürpədici görünən zarafatlarından qalmırdı.Əslində,mühazirə müəllimləri arasında bu,dəb idi:onlar elə düşünürdülər ki,kimisə təhqir etməsələr tələbələr onun ciddi,səviyyəli,hörmətli müəllim olması barədə şübhəyə düşərlər,odur ki,bu “qızıl qayda”ya çox təkidlə əməl edirdilər.
Nəsə...Mühazirənin şirin yerində kafedra müdiri,cənab Doğrudanışan müəllim içəri daxil oldu.O biri hörmətli(?) kafedra müdirləri,professorlar kimi Doğrudanışan müəllim də uşaqların hamısının ayağa qalxmasını gözlədi,onları turşumuş sifətlə süzüb,salam vermədən tələbələrdən əyləşməyi tələb etdi.Qeyd edim ki,Doğrudanışan müəllimin bu iyrənc jesti də kafedra müdirləri ,ümumiyyətlə, ”böyüklər” arasında bir “qızıl qayda” idi,bu “qaydasız” onları təsəvvür etmək mümkün deyil.
Cənab Doğrudanışan müəllim ağır-ağır öz nitqinə başladı:
-Uşaqlar,siz bu il bu fənndən imtahan verəcəksiz.Bu fənn sizin həkim olmağınız üçün çox vacibdir... Ağlınız başqa kafedralara getməsin.Bu kafedra öz qanunlarına görə fərqlənir. (Bədbəxt ATU-da vahid qayda-qanun yoxdu,hər kafedra özündən qanun çıxarır.Bu qanunun özbaşınalığı,sərtliyi həmin kafedranın müdirinin hansı yuxarı instansiyada qohumunun olmasından asılıdır,yəni qohum nə qədər yuxarıda olsa,özbaşınalıq da bir o qədər artıq olur.) Mən başqa kafedra müdirləri kimi sizə yalan deyib başınızın altına yastıq qoymaq istəmirəm.Bizim kafedrada bütün alternativ qiymət alma variantları,yəni rüşvət,tapşırıq və başqa üsullar hamısı keçərlidi.Tapşıran,xahiş edən,əmr edən adamın tutduğu vəzifədən asılı olaraq tapşırılan adamın qiyməti yuxarı və ya aşağı ola bilər.Gəldik əsas məsələyə,yəni pul məsələsinə. Bu da elədi ki,istəyirsən, heç bir dərsə girmə,kollokvium vermə,dərsdə müəllimi söy,bu fəndən başın çıxmasın və s. Bunların heç bir qorxusu yoxdu,intəhası,ata-ananı bir az o birilərdən çox incitmiş,sıxmış olassan. Yəni,özünü yaxşi aparan,müəllimin qılığına girib,şirin dilinə salan,özünü yazıqlığa vuran,bir qədər yaxşı oxuyan və s. keyfiyyətlərə malik olan adam nisbətən az,bayaq dediyim şəxslər isə çox pul verməlidirlər ki,qiymət alsınlar. Özü də yalan söhbətdi ki,heç bilməyən,əxlaqsızlıq edən,yaramaz,pozğun tələbə qiymət almayacaq.Necə deyərlər,puluna minnət,pulunu ver,müəllimin üzünə qarşı söy,”5”ni də al. Qaldı ki,özü oxuyanlara, onlar da qiymət alacaqlar,intəhası,şirələri çıxanacan onları sıxacağıq. Bura bax görüm,ATU-da oxumaq asandı?!
Uşaqlar,açığı,bir söz deyim. Biz şərəfsiz adamlarıq,birdən görürsən ki,heç nə bilməyən adam nəslimizi söyüb pulu çırpır üzümüzə.qiymətin alır,kasıb balası,öz hesabına oxuyan uşaq kəsilir,ya aşağı qiymət alır.Əşşi,bu zəhrimar pul elə şeydir ki,namusumuz,şərəfimiz gedib ona görə.Bax,deyirəm a,sonra imtahanda hansısa tələbə gəlib deməsin ki,ay ədalətsizlik burdan gəldi,şərəfsizlik ordan getdi. “Yuxarı”lara şikayət etmək ağlınızın ucundan belə keçməsin,faydası yoxdu.Bilin ki,verdiyiniz pulların əksər hissəsi ora gedir,odur ki,onlar bizim tərəfimizi saxlayacaqlar,sizin yox.Əziz tələbələr,mən hər tərəfini sizə izah etdim,de,sağ olun.
Cənab Doğrudanışan müəllim tələbələrin vaxtını aldığına görə üzr istəmədən mühazirə zalından çıxdı.Professor qapıya tərəf gedəndə mühazirə müəllimi Yaltaq müəllim əli ilə bizim ayağa qalxmağımıza işarə edərək dəridən-qabıqdan çıxırdı.
Qapı örtülən kimi içəridə bir çaxnaşma ,bir vurnuxma düşdü ki,ruzigarın gözü hələ beləsini görməmişdi.Bir qism tələbə şokda idi:bu,ola bilər ki,ilk dəfə kafedra müdirinin doğru danışdığını(!) eşitdiklərindən,ya da atalarına yazıqları gəlirdi,daha düzünü ALLAH bilir.Bir qism tələbə isə ciddi mübahisəyə girişmişdi.Mübahisə edən tərəflərdən biri-tapşırıq,pul hesabına oxuyanlar-təşvişə düşmüşdü ki,əgər bu kafedra müdiri də o birilər kimi yalançı olsa,onda belə çıxır ki,oxumaqdan başqa variant yoxdu,yoxsa atamız yandı,kəsiləcəyik.Digər tərəf isə-özü oxuyanlar-fikirləşirdi ki,əgər Doğrudanışan müəllim düz deyirsə,onda çox güclü oxumaq lazımdır ki,”3”dən zaddan bir şey alaq.
Mən demişdim ki,bu hadisə sensasiondur.Amma sensasiya nə mühazirə müəlliminin yaltaqlığında,nə onun təhqiramiz sözlərində,nə boş-boş danışığında,nə uşaqların hərəkətlərində,nə Doğrudanışan müəllimin salam verməməyində,nə də onun üzr istəməyib,”gönüqalın”casına otağı tərk etməsində idi.Əsl sensasiya kafedra müdirinin,professorun,AMEA-nın üzvünün,dekanın, prorektorun və s. doğru danışmasında idi. Ona görə də uşaqlar bilmirdi ona inansınlar,ya yox.
Şəhidlər ölürlər
Otuz aprel iki min onuncu il... 30. 04. 2010... Bu gün fəhləsindən, kəndlisindən, uşağından, böyüyündən, tələbəsindən, müəllimindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan hər kəsin yaddaşında bir il əvvəl baş vermiş qanlı olayın 1- ci ildönümü kimi qalmalıydı. Təkcə ona görə yox ki, azərbaycan xalqına qarşı terror törədilmişdi. Ən əsası ona görə ki, gələcəyin Azad Mirzacanzadələri, Yusif Məmədəlievləri, Lütfi Zadələri, dövrünün qabaqcıl görüş sahibləri, ölkəsinin intellektual təbəqəsinin ən öndəgedən üzvləri həmin gün güllə atəşinə məruz qalmışdı. Həmişə ağızdolusu danışdığımız, ömrü boyu bopclarını unutmacğımızı and içdiyimiz. Bizə dünyada ən qiymətli nemət olan elmi öyrədən müəllimlər öldürülmüşdü. Tələbələr – hansı ki, bir ölkə onda təhsil alan tələbəsinin sayına. Ona verdiyi biliyin keyfiyyətinə görə digər ölkələrdən qabağa gedə bilər. Mütərəqqi sayıla bilər – qanlarına qəltan edilmişdilər. Qətliam qurbanları elmi təmsil edən təbəqənin nümayəndələri olduqlarından onlara açılan atəş elmə açılan atəş, onların xatirəsinə verilən qiymət həm elmə, həm də şəhidə (çünki elm əhli ölsə, şəhiddir) verilən qiymət kimi dəyərləndirilməlidir.
Amma təəssüf ki, bu sadə məntiqi anlamadıqları üzə çıxdı. Hər bir sentimentallıqdan uzaq olaraq onu söyləmək istəyirəm ki, bir körpünün, keçidin, abidənin, “muzey”in, adı olan, amma içərisində heç bir faydalı işlərlə məşğul olunmayan müəssisələrin, “irsi araşdırmalar mərkəzləri”nin aılışında qırmızı lent kəsib geniş nitq irad edənlər bu dəfə görünmədilər ictimaiyyətdə. İdmançılardan ötrü milyonlarla kilometr qət edib onların yarışında şəxsən iştirak edənlər, medal qazananları külli pulla təmin edib, onlara şəxsən himayədarlığını elan edənlər “qara geymədilər”, millətin acısına şərik olmadılar, 30. 04 . 2009 şəhidlərinin xatirəsini yad etmədilər, dəfələrlə eyni heykəlin önünə qoyduqları gül dəstəsinin birini də onların qəbirlərinə qoymadılar, xalqa və şəhid ailələrinə başsağlığı vermədilər, KİV – də geniş nitq irad etmədiər.
Bu saymazyanalıq, biganəlik azca da olsa düşünə bilən azərbaycanlının diqqətindən yayınmadı. Bildik, əmin olduq ki, Azərbaycan idman ölkəsi, müğənnilər ölkəsi, eybəcər binalar, “çölü bəzək, içi təzək” olan məktəblər, universitetlər, xəstəxanalar ölkəsi, ağacsız parklar, heykəllər ölkəsi ola bilər, amma əsla elm ölkəsi ola bilməz. Çünki ölkənin hər hansı bir sahəsinin inkişaf etməsi üçün dövlətin həmin sahəyə xüsusi diqqəti, qayğısı olmalıdı. Lakin hamıya gün kimi aydındır ki, lazım olan və ondan artıq qayğı ölkənin inkişaf göstəricisi olmayan, onun dünya ilə ayaqlaşmasında heç bir rol oynamayan sahələrə göstərilir , elmə yox.
30. 04. 2010 tarixinin daha bir diqqət çəkən özəlliyi həmin gün əsası tələbələrdən təşkil olunmuş insanların qurbangaha çevrilmiş ADNA – ya dinc yürüş cəhdi oldu. Təəssüf ki, yürüş deyil, məhz cəhd. Çünki bizim cari hükumət elə bilir ki, dünya ictimaiyyəti Azərbaycanda yürüş olduğundan xəbərdar olsa, elə zənn edcəcək ki, ölkədə qeyri – sabitlik hökm sürür. Çünki yürüş iştirakçılarının arasında, sən demə, müxalifət nümayəndələri də varmış. Bir il öncə məhz həmin gün terrorçuların qabağına çıxmağa gecikmiş güc strukturu ışçıləri, polislər bu dəfə eyni “səhv”i etmədilər. İnsan toplusundan ibarət qaraltını hakimiyyət üçün real təhlkə hesab edən “kreslo sahibləri”ndən əmr almış polislər şəhidləri ziyarətə hazırlaşan insanları döyməkdən, təhqir etməkdən, zorla maşınlara doldurub şöbəyə aparmaqda heç də xəsislik etmədilər. Çünki bura sərbəst toplaşma azadlığının boğulduğu, heç bir müqəddəs şeyi qalmayan Azərbaycandır. Burda toxunulmaz olan şəhidlərin ruhu, konstitusiyanın maddələri deyil, ayrı – ayrı adamların özü, ailəsi, kresloları və digər “şəxsi əşyaları”dır.
Bir neçə şeyi isə iqtidar nümayəndələrinin, “siyasi kurs”u dəstəkləyən QHT-lərin, xalqın səsini oğurlayıb xalq üçün heç bir iş görməyən, əl çalmaq və məğzini bildi – bilmədi “leyhinə” düyməsinə basan, gülünc olaraq hərbi doktrinanı dövlət sirri hesab edən paramentarilərin baxan, amma görməyən nəzərlərinə çatdırmaq istəyirəm. əgər siz o şəhidləri anmaqçün ADNA – ya gedib xatirə lövhəsinin önünə bir dəstə gül qoysaydız xalqın rəğbətini daha çox qazanardınız, nəinki evdə oturmaqla, yaxud mənasız işlərlə məşğul olmaqla. Siz şəhidlərin ruhunu uca tutan və əhalinin ən mütəhərrik düşüncəli təbəqəsi olan tələbələrin yanında yürüş cəhdində bulunsaydınız hamı görərdi ki, sizin üçün əsas olan lazımlı anda, qeyrət tələb olunan zaman xalqın həmrəylidir . Hamı şahid olardı ki, siz vətəndaşın müxalifətçi, yoxsa iqtidarçı olmaına baxmayaraq şəhid ruhuna, elmə və bu kimi müqəddəs şeylərə ( məs., Qarabağ məsələsinə ) hörmətinə, həssaslğına şəriksiniz. Nəhayət və ən diqqət edilməsi lazım olan məsələ budur ki, hətta ürəkdəndə olmasa, bunlardan hər hansı birini etmiş olsaydınız, gələcək seçkilərdə şəhid ailələrindən, sizi görən tələbələrdən halal ( oğurlanmış olmayan )səs almış olardınız.
Xalq bunların tam əksini gördü, daha doğrusu, əgər xalqımız diqətlə nəzər salsa, analiz etsə, indiyə kimi olanların necə aydın üzə çıxdığın görər.
1) Siz heç vaxt müəllimə, tələbəyə, professora, ümumiyyətlə, elm əhlinə diqqət göstərməmisiniz.
2) Sizin şəhidə olan hörətiniz ancaq popurist çıxışlarınızdadır.
3) Bu ölkədə dövlət qayğısı görən. Hökumətin nəzər nöqtəsində olan axırıncı şey varsa, o da elmdir.
4) Siz heç vaxt öz mənfəətinizi də siyasi yolla düşünməyə qadir deyilsiniz, o ki qaldı xalqın, millətin mənafeyini.
30. 04 .2010 tarixinin ən əsas üstünlüyü ondadır ki, həmin gün yeni olan və müharibə şəraitində yaşayan, 20% - i işğal altında olan Azərbaycanın hər bir vətəndaşına lazım olan bir aforizm yarandı:
“Şəhidlər ölürlər”

01. 05. 2010