Televiziya böhranı
Azərbaycan efir məkanında baş verən biabırçılıqlar vətənini sevən, özünə hörmət edən, intellektual səviyyəli azərbaycanlıları narahat edir. Kimisi falçıları reklam edir, kimisi heç bir efir və ümumiyyətlə mədəniyyəti olmayan adamları efirə dəvət edir, kimisi ulduzların qarderobunu eşələyir, ayrı – ayrı şəxslərin fərdi həyatlarının sirli məqamlarını üzə çıxartmağa cəhd etməklə verilişinə və özünə məşhurluq qazandirmaq istəyir və s.
Mən hələ də cavab tapa bilməmişəm ki, televiziya insanın zövqünü formalaşdırır, yoxsa televiziya proqramları insanların zövqünə əsaslanır? Amma belə bir şeyin olduğunu bilirəm ki, hər bir verilişin reytinq balı var və o bal nə qədər insanın həmin verilişə baxması ilə hesablanır. Burdan belə nəticə çıxır ki, əgər insanlar səviyyəli verilişlərə (təbii ki, əgər səviyyəli veriliş varsa) baxıb səviyyəsizlərdən imtina etsələr bu cür verilişlərin sayı da azalar. Çox maraqlıdır ki, eyni saaatda gedən 2 verilişdən elmi, intellektual yükü, verə biləcəyi məlumat çəkisi, həta aparıcısının səviyyəsi digərindən üstün olan verilişin reytinqi bizim ölkədə daha azdır. Bu da dolayısı ilə həmin verilişin bütün heyətinə daha az pul gətirir. Nəticədə elmi, araşdırmaya əsaslanan, əhalinin mədəni, sosial həaytina daha çox fayda verə biləcək verilişlərin sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az olur.
Bütün bunların sübutu üçün çox uzağa getməyək. Bir ara kanallardan hansısa kulinariya yönlü veriliş açdı. Bundan sonra digər kanallarda da bu tipli nəinki bir, hətta müxtəlif saatlarda bir neçə veriliş açıldı. Onu da qeyd edim ki, bir sıra verilişlərin formatı mətbəxə hesablanmamışdısa da sonradan bir rubrika kimi onu da verilişə calaq etdilər. Və ya bir ara falçıların və bu kimi uydurmaçılıqların reklamına yönəlmiş verilişlər televiziya efirini cənginə aldı. Bir müddət səviyyəsiz aparıcılardan bir qismi ulduzların “plavki”lərindən belə hər şeylərini xalqa göstərməklə cəsarətli və hər şeyin iç üzünü açan aparıcı olmalarını iddia etmək istədilər və deyərdim ki, buna nail oldular – öz iç üzlərini necə də aşağılıq biri olduqlarını nümayiş etdirdilər. Bunun əksi olaraq isə “Milyonçu”, “Zəfər zəngi”, “Pulgir”, “Zəif bənd”, “Auksion” kimi verilişlər efirdən yığışdı.
Bir nüansı da diqqətdən qaçırmayaq ki, veriliş “açmaq” üçün sponsor tapmaq lazımdır və sponsorlar da reytinqi yüksək olan verilişlərə pul ayıırırlar. Belə olduğu təqdirdə adını çəkdiyim intellektual verilişlər ayaq tutub yeriməyə başlar – başlamaz həaytlarını başa vururlar. Hətta belə biabırçı faktlar da var ki, pul və ya digər qiymətli şeylərlə mükafatlandırılmalı olan qaliblər bundan məhrum buraxılır (sözsüz ki, bunlar kamera arxasında qalır).
Daha bir diqqət çəkən məqam ondan ibarətdir ki, bizim telekanalların hazırladıqları verilişlərin əksəri öz beynimizin məhsulu deyil, Türkiyənin televersiyalarının bu və ya digər formada işlənmiş variantıdır. Bunda kimi günahlandırmaq lazımdır mən bilmirəm.
Bu yaxınlarda bir qohumum mənə dedi ki, ən üzdə olan, şitliyi və üzlülüyü ilə dillər əzbəri olan Zaur (“Yağ kimi”nin müəllifi) fəxr edirmiş ki, Azərbaycan teleməkanına ləhcə ilə danışmağı gətirib. Bir nəfər də onun cavabını vermədi ki, ay savadsız və özündən müştəbeh bədbəxt! Televiziyada işlədilməsi caiz olan olan dil ədəbi dildir. Burda hər hansı ləhcə ilə danışmaq, hətta vurğunu belə ləhcəyə uyğun işlətmək qeyri – peşəkarlığın və bisavadlığın əlamətidir. Təəssüf edirəm ki,bizim əhalinin əksər qismi bunu anlamaqda necə də gücsüzdür və beləsinə qibtə etməklə məşğuldur. Bizim zəmanədəmi, bizim ölkədəmi meyarlar pozulub, heç nəyi öz vahidi ilə ölçmürlər. Bu arada mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Qiymət” poemasından parça yerinə düşür:
Dağılar qaydalar,pozular nizam
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də çatlayıb üzülər tamam
Almasa, sərrafdan düz qiymətini.
Amma bir şeyi unutmamaq lazımdır ki,bizim kəskin tənqid atəşimizi rast gələn verilişlər səviyyəsinə həsəd apardığımız ölkəllərdə heç də bizdən az deyil. Bəs nəyə görə biz daha narahatıq? Ona görə ki, bizdə ayrıca maqazin, mətbəx, əyləncə, klip, kino, səyahət, xəbər, elmi araşdırmalar və s. profilli telekanallar yoxdur. Odur ki, adıçəkilən və çəkilməyən bütün sahələrə aid verilişlər bizdə eyni kanalda gedir, sözsüz ki, nisbət fərqliliyi ilə. Nəticədə alınan “həftəbecər”dən əziyyət çəkən və ümidini başqa antennalar vasitəsilə xarici kanallara bağlayan intellektual təbəqə olur.
среда, 7 июля 2010 г.
Подписаться на:
Сообщения (Atom)